16.09.2025

Şirin su ehtiyatları

Hansı ölkələr ən böyük şirin su ehtiyatlarına sahibdir?

   Şirin su bəşəriyyətin ən vacib təbii sərvətlərindən biridir, lakin o, təbiət tərəfindən bərabər paylanmayıb. Bəzi ölkələr göllər, çaylar və buzlaqlarla zəngin olsa da, digərləri ciddi çatışmazlıq problemi ilə üz-üzə qalır. Dünya Bankının məlumatına görə, planetdəki ümumi su həcminin yalnız 2,5 faizi şirin sudur və onun da böyük hissəsi buzlaqlar və yeraltı mənbələrdə toplanıb.
   Braziliya bərpaolunan şirin su ehtiyatlarına görə dünyada liderdir — bu ölkə təkcə Amazon hövzəsi sayəsində dünya çay axınının beşdəbirini təmin edir və ümumi şirin su ehtiyatlarının 13 faizinə sahibdir.
   Rusiyanın payı isə 10 faizdən çoxdur. Ölkədə minlərlə çay və göl var, onların içində Baykal gölü ayrıca seçilir: burada Yer üzündəki donmamış şirin suyun 20 faizi mövcuddur.
   Kanada (6,7 faiz) da şirin suya görə zəngin ölkələr sırasındadır. Ölkədə iki milyondan çox göl var, o cümlədən Şimali Amerikanın səthi şirin suyunun 84 faizini təşkil edən Böyük Göllər.
   ABŞ-da (6,6 faiz) Missisipi, Kolorado və Kolumbiya kimi əsas çay sistemləri milyonlarla insanı su ilə təmin edir. Lakin ölkənin cənub-qərb bölgələrində su qıtlığı getdikcə daha kəskinləşir, çünki yeraltı sulu təbəqələr sürətlə tükənir.
   Çində (6,6 faiz) şirin su ehtiyatları böyükdür, amma qeyri-bərabər paylanıb: şimal bölgələri quraqlıqla üzləşərkən, cənub daha çox yağıntı alır. Yantszı çayı isə kənd təsərrüfatı, sənaye və 400 milyondan çox insan üçün əsas həyat mənbəyidir.